Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin sədr müavini Zaur Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında iki günlük rəsmi səfərdə olub.
Səfər Ümummilli lider Heydər Əliyevin abidəsinin ziyarəti və Heydər Əliyev Muzeyinə baxışla başlayıb.
Sonra Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov ilə görüş keçirilib. Görüş zamanı dövlət ehtiyatlarının NMR-də idarə edilməsi, saxlanılması və Agentliyin Naxçıvan filialının təşkili istiqamətində görülən işlər barədə məlumat verilib, növbəti addımlar müzakirə olunub.
Bundan sonra nümayəndə heyətinin NMR-in müxtəlif dövlət qurumları, həmçinin bir sıra strateji əhəmiyyətli mallar üzrə bazar iştirakçıları ilə görüşləri keçirilmişdir. Görüşlər zamanı dövlət ehtiyatlarının idarə edilməsi, eləcə də bazar iştirakçıları tərəfindən təmin olunmalı minimal həcmlərin formalaşdırılması istiqamətində praktiki müzakirələr aparılmış və icrası nəzərdə tutulan tədbirlər müəyyən edilmişdir.