Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin Bakı və Gəncə şəhərləri üzrə fəaliyyət göstərən filiallarında mülki müdafiə rəhbər heyəti və hərbiləşdirilməmiş mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış məşqi keçirilib.
Toplanış məşqi Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı və Gəncə Regional Mərkəzlərinin nümayəndələrinin, həmçinin FHN-in Nərimanov və Qaradağ rayon şöbə rəhbərlərinin, eləcə də ADEA-nın Mülki müdafiə Qərargahının rəisi və qərargah üzvlərinin iştirakı ilə baş tutub. Məşqə hər iki filialın mülki müdafiə üzrə vəzifəli şəxsləri və hərbiləşdirilməmiş mülki müdafiə manqalarının heyəti cəlb edilib.
Qeyd edək ki, məşqin məqsədi fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsi prosesində mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış üzrə hazırlıq səviyyəsinin, rəhbər heyətin fəaliyyətinin, idarəetmə üzrə bilik və bacarıqlarının yoxlanılması və təkmilləşdirilməsi, şəxsi heyətdə əməli vərdişlərin formalaşdırılması, həmçinin fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili məqsədilə xəbərdarlıq sxemi üzrə toplanış müddətinin müəyyənləşdirilməsi olub.
Məşqə cəlb olunan şəxsi heyətlə metodiki məşqlər keçirilib, mülki müdafiə məşqlərinin vacibliyi vurğulanıb.