Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi (ADEA) "Dövlət ehtiyatlarının yaradılması və idarə olunması" tətbiq sahəsi üzrə Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən üç istiqamətdə Uyğunluq Sertifikatı ilə təltif edilib. Sertifikatlar AZS ISO 9001:2020 (keyfiyyətin idarə edilməsi), AZS ISO 45001:2021 (peşə sağlamlığı və əməyin təhlükəsizliyi) və AZS ISO 14001:2021 (ətraf mühitin idarə olunması) standartlarına uyğunluğu təsdiq edir.
Bu münasibətlə Agentliyin İdarə Heyəti sədrinin müavini Zaur Ələkbərovun, Azərbaycan Standartlaşdırma İnstitutunun rəhbər heyətinin və ADEA-nın aidiyyəti struktur nümayəndələrinin iştirakı ilə təqdimat mərasimi təşkil olunub. Tədbir çərçivəsində müvafiq sertifikatlar təqdim edilib və bir sıra əməkdaşlar təşəkkürnamələrlə təltif olunublar.
Tədbirdə çıxış edən İdarə Heyəti sədrinin müavini Zaur Ələkbərov qeyd edib: “Bu sertifikatların əldə olunması Agentliyin fəaliyyətində beynəlxalq qabaqcıl təcrübə və sistemli idarəetmə yanaşmalarının davamlı olaraq tətbiq olunduğunun daha bir nümunəsidir. Gələcəkdə də bu istiqamətdə fəaliyyətimizi genişləndirəcək, mütərəqqi metodologiyaların tətbiqinə davam edəcəyik.”
Qeyd edək ki, beynəlxalq standartlara uyğun sertifikatların əldə olunmasında əsas məqsəd dövlət ehtiyatlarının etibarlı, səmərəli və keyfiyyətli şəkildə idarə olunmasını təmin etmək, bu sahədə şəffaflıq və davamlı inkişaf mexanizmlərini qurmaqdır.