ADEA-nın 5 illik yubileyi münasibətilə tədbir keçirilib

08 Октябрь 2026

Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin (ADEA) yaranmasının 5-ci ildönümü münasibətilə Agentliyin rəhbərliyi və struktur bölmələrinin nümayəndələri I Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət ediblər.

Ziyarət zamanı Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə qızılgüllər düzülüb.
Həmçinin, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi hörmətlə yad edilib.

Daha sonra ADEA-nın 5 illik fəaliyyətinə həsr olunmuş rəsmi tədbir keçirilib. Tədbirdə Agentliyin keçdiyi inkişaf yolu, əldə olunan nəticələr və qarşıdakı strateji hədəflər barədə məlumat verilib. İdarə Heyətinin sədri Səbuhi Sadıqov çıxışında ötən beş il ərzində dövlət ehtiyatlarının idarə olunması sahəsində yaradılan müasir sistemdən, həyata keçirilən islahatlardan və institusional inkişafdan bəhs edib.

Möhtərəm Prezident cənab İlham Əliyevin 7 oktyabr 2021-ci il tarixli Fərmanı ilə yaradılan Agentliyin ötən dövr ərzində dövlət ehtiyatlarının idarə olunması sahəsində vahid və müasir sistemin formalaşdırılması istiqamətində mühüm inkişaf yolu keçdiyini qeyd edən S.Sadıqov bildirib ki, 5 il ərzində idarəetmə mexanizmləri təkmilləşdirilib, rəqəmsal həllər tətbiq olunub, hüquqi baza gücləndirilib, “Dövlət ehtiyatları haqqında” Qanunun qəbulu isə bu sahədə yeni imkanlar yaradıb:
“2026-cı ildə Agentliyin mərkəzi icra hakimiyyəti orqanı kimi yenidən təşkili dövlət ehtiyatlarının idarə olunmasına verilən strateji əhəmiyyətin göstəricisidir”.

Поделиться на указанных площадках